Azenru

SİNAM Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə Qırğızıstanın Maliyyə Nazirliyində maliyyə proseslərinin avtomatlaşdırılması ilə əlaqədar işlərini nümayiş etdirib

14 avqust 2014-cü il tarixində Maliyyə Nazirliyinin kiçik zalında nazirliyin və Qırğızıstan Respublikasının dövlət kadr xidmətinin əməkdaşlarının iştirakı ilə SİNAM şirkətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə maliyyə idarəetməsi sahəsində proseslərin idarə edilməsi ilə əlaqədar təklif etdiyi həllər nümayiş etdirilib. SİNAM şirkətinin prezidenti Elçin Əliyev şirkətin fəaliyyəti, eləcə də tətbiq edilən layihələri haqqında danışıb. Hal-hazırda Azərbaycan Respublikasının maliyyə sistemində müvəffəqiyyətlə tətbiq edilən FARABI informasiya sistemi təqdim olunub. Eyni zamanda SİNAM şirkəti tərəfindən Qırğızıstan Respublikası Hökuməti yanında Dövlət Vergi Xidmətinin işinin modernizasiyası ilə əlaqədar həyata keçirilmiş layihə haqqında da məlumat verilib.

Qeyd etmək lazımdır ki, təqdimatda Azərbaycan Respublikasının Dövlət Xəzinədarlıq Agentliyinin direktor müavini Vüqar Abdullayev də iştirak edib. O, Azərbaycanın xəzinədarlıq sistemində tətbiq edilən informasiya sistemləri və gündəlik iş zamanı yeni texnologiyaların tətbiq edilməsinin üstünlükləri haqqında ətraflı məlumat verib. İştirakçılara eyni zamanda Azərbaycanın büdcə strukturu, büdcə təşkilatlarında vahid büdcə sisteminin tətbiq edilməsi sahəsində tətbiq edilən beynəlxalq standartlar və yeniliklər, xəzinədarlıq və mühasibat hesablarının inteqrasiyası ilə əlaqədar müvəffəqiyyətlə icra edilən işlər haqqında məlumat verilib.

İnsan resurslarının qeydiyyatı hissəsində dinləyicilərin sualları cavablandırılıb, xəzinədarlıq sistemi hissəsində isə büdcə sistemlərinin, eləcə də onların modernizasiyası ilə əlaqədar yanaşmaların oxşarlığı vurğulanıb.

Vüqar Abdullayev Qırğızıstan Respublikasının maliyyə nazirinin səlahiyyətlərini icra edən Almaz Baketayevlə də görüşüb. Almaz Baketayev həmkarını görməkdən məmnunluq duyduğunu bildirib və maliyyə sistemində planlaşdırılan islahatlar haqqında qısa məlumat verib. Vüqar Abdullayev qeyd edib ki, Azərbaycan Qırğızıstan Respublikasının Maliyyə Nazirliyi və Xəzinədarlıq Agentliyi ilə əməkdaşlıq etməyə hazırdır.

Seçmə Proqram Təminatı

Partnyorlarımız