Azenru

SİNAM şirkəti İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərən ixrac yönümlü Azpromo qrupu tərəfindən təyin olunmuş missiya çərçivəsində Monqolustana səfər edib. Missiyanın məqsədi gələcəkdə Azərbaycanla Monqolustan arasında ikitərəfli ticarət əlaqələrinin yaradılması idi.

Səfərdə çox sayda firma ilə birlikdə iştirak etməyinə baxmayaraq, SİNAM şirkəti özünü elektron hökumət xidmətləri sahəsində inteqrasiya olunmuş İT həllərinin əsas provayderlərindən biri kimi təqdim etməli idi. Hazırda rəqəmsal transformasiya prosesinin ilkin mərhələlərini keçən Monqolustanda hökumət sektorunda müasir texnologiyalara çox böyük ehtiyac var. Mərkəzi Asiya və Afrikanın bir sıra ölkələrində elektron hökumət həllərini müvəffəqiyyətlə inteqrasiya etməyə nail olmuş SİNAM şirkəti öz qlobal əhatə dairəsini genişləndirməyə can atır.

SİNAM şirkətinin nümayəndələri səfər zamanı bir sıra hökumət orqanları ilə görüşməyə və əməkdaşlıqla əlaqədar ilkin razılıqların əldə edilməsinə nail olublar. Şirkətin beynəlxalq biznesin təşkili üzrə meneceri prezident administrasiyasının kiçik və orta ölçülü bizneslərin inkişafı üzrə rəhbəri cənab İnxbayarla görüşüb. Tərəflər arasında keçirilən məhsuldar görüş zamanı SİNAM şirkətinin ötən illər ərzində öz gücünü nümayiş etdirməyə nail olduğu maliyyə sektorunda əməkdaşlıq etmək haqqında razılıq əldə olunub. Qeyd edək ki, şirkət ötən illər ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçün inteqrasiya olunmuş xəzinədarlıq həllini, bank sektoru üçün isə ödəniş portallarını və bir sıra başqa məhsulları müvəffəqiyyətlə hazırlayıb təqdim etmişdir.

Bundan əlavə, SİNAM şirkətinin oktyabr ayında Monqolustana etdiyi səfər çərçivəsində Monqolustanın Vergi Orqanlarının komissar müavini cənab Zayabal Batjargalla da görüşlər keçirilib. Tərəflər müvafiq ölkələrin vergi orqanlarında mövcud olan məhsulları müzakirə edərək sahə üzrə təcrübələrini mübadilə etməklə bağlı razılığa gəliblər.

Milli Sığorta Şirkətinin baş direktoru cənab Altanxuyaq Çuluunbat ilə görüş zamanı tərəflər sığortalama prosesinin avtomatlaşdırılması məsələlərini müzakirə ediblər. Görüşün əsas mövzusu müxtəlif proqram təminatı texnologiyalarının Milli Sığorta Şirkətinə inteqrasiyası olub.

Nəhayət, SİNAM şirkətinin nümayəndələri "Digital Nomads" şirkətinin baş icraçı direktoru Batnasan Bali ilə görüşüb. Tərəflər gələcəkdə blokçeyn texnologiyalarının hökumətin müxtəlif səviyyələrinə inteqrasiyası məsələsini müzakirə ediblər.

Seçmə Proqram Təminatı

Partnyorlarımız